BAKI, 15 noyabr — Sputnik. Əslən Laçın rayonundan olan hüquqşünas Ərşad Hüseynov sosial şəbəkə hesabında rayonda evlərin bərpa olunduğunu əks etdirən görüntülər paylaşıb. Həmin videoda evlərin yeni dizaynla təmir və bərpa olunduğu əksini tapıb.
"Laçın şəhəri sürətlə yenidən qurulur. Tezliklə şəhərimiz dağlar qoynunda cənnəti xatırladan məkana çevriləcək...Bərpa edilən növbəti ev. Rahat və firavan yaşamaq üçün hər şey nəzərdə tutulub. Allah xalqımızı və dövlətimizi qorusun. Şəhidlərimizin ruhu daim şad olsun!", - deyə Ə. Hüseynov qeyd edib.
Qeyd edək ki, indi Şərqi Zəngəzur iqtisadi bölgəsinə aid olan Laçın rayonunun ərazisində də əhəmiyyətli tədbirlər həyata keçirilməkdədir. Yollar çəkilir, elektrik stansiyaları quraşdırılır, tunellər salınır, beynəlxalq hava limanı tikilir. Azərbaycan Prezidenti regionun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında sərəncam da imzalanıb. Bu məqsədlə 2022 - ci ilin dövlət büdcəsindən 800 min vəsait ayrılmışdır ki, bu da kəndlərin yenidən qurulmasına sərf ediləcək.
Xatırladaq ki, Laçının 28 ilik işğalına 2020-ci il dekabrın 1-də son qoyulub.