CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeron su kanalında balıqlar kütləvi məhv olur - Şok görüntülər

Hüquqşunas bildirib ki, bu kanalın suyundan Sumqayıtdan başlayaraq, Zirə kəndinə qədər bütün Abşeron yarmadası əhalisi geniş istifadə edir.
Sputnik
BAKI, 14 noyabr — Sputnik. Dəvəçi-Abşeron su kanalının Novxanı ərazisindən keçən hissəsində artıq bir neçə gündür ki, kanala zəhərli kimyəvi maddələr axıdılması səbəbindən, kanalda yaşayan və suyun təmizlik indikatoru rolunu oynayan canlılar, başlıca olaraq müxtəlif növ balıqlar, su qunduzları və tısbağalar kütləvi surətdə məhv olur.
Bu barədə hüquqşunas Namizəd Səfərov öz sosial şəbəkə hesabında məlumat yayıb. Bildirib ki, kanal ətrafında yaşayan insanlar, mövcud ekoloji fəlakət barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, çətinliklə olsa belə, dəfələrlə məlumat verilib:
"Özünü nazirliyin əməkdaşı kimi təqdim edən Elçin Telmanovla əlaqə saxlayaraq mən də baş verənlər barədə yenidən məlumat verməyi özümə borc bildim. Lakin, uzun-uzadı danışıqdan anladım ki, vəziyyət nazirliyi qətiyyən maraqlandırmır və narahat etmir. Onlar daha vacib məsələlərlə məşğuldurlar. Təsəvvür edin ki, məndən canlıların kütləvi qaydada qırılmasının hansı obyektin yaxınlığında baş verdiyini dəqiqləşdirir. Deyirəm obyekt nədir, bütün kanal boyu ölmüş balıqlar axır. Zəhərli kimyəvi maddənin kanala axıdıldığı mənbənin aşkar edilməsi on dəqiqəlik zəhmət tələb edir. Siz isə bir həftədir heç bir tədbir görmürsünüz. Sonda qeyd edim ki, bu kanalın suyundan Sumqayıtdan başlayaraq, Zirə kəndinə qədər bütün Abşeron yarmadası əhalisi geniş istifadə edir".
N.Səfərobv bunu əks etdirən görüntülər də paylaşıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, məsələ nəzarətə götürülüb, araşdırılır. Qurumun mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məsələ araşdırıldıqdan sonra məlumat veriləcək.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Dilqəm Şərifov da bu məsələnin araşdırılacağını, bundan sonra geniş məlumat veriləcəyini söyləyib: "Məlumatlar müvafiq idarəyə göndərilib. Hazırda məsələ araşdırılır".