BAKI, 11 noyabr — Sputnik. Bütün ölkələr ərzaq sazişinin həyata keçirilməsində əməkdaşlıq etməlidir, çünki dünyanın Rusiya taxılına və gübrələrinə ehtiyacı var. Bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Devid Bizli cümə günü "RİA Novosti"yə bildirib.
"Bu sövdələşmə tamamilə zəruridir. Bütün ölkələr bu məsələdə əməkdaşlıq etməlidir, bütün dövlətlərin burda öz rolu olmalıdır. Rusiyanı sevsəniz də, sevməsəniz də, dünyanın Rusiya taxılına və gübrələrinə ehtiyacı var. Əks halda, bunun əvəzini bütün dünya ödəməli olacaq", – deyə o, Paris Sülh Forumunun gedişində bəyan edib.
"Qara dəniz vasitəsilə taxılın çatdırılması üzrə sazişin qüvvədə qalmasını və uzadılmasını təmin etmək üçün əlimizdən gələni edirik", - deyə Bizli əlavə edib.
Xatırladaq ki, iyulun 22-də İstanbulda Rusiya məhsullarının ixrac üçün tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında çoxtərəfli sazişlər imzalanıb.
Sazişləri Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri imzalayıb. Rusiya Prezidenti Vladimir Putin sentyabrın əvvəlində qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini Afrikanın ehtiyacı olan ölkələrinə deyil, öz dövlətlərinə ixrac edir.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya qeyd edib ki, Rusiya ərzaq və gübrələrinin ixracı ilə bağlı ərzaq sazişinin bir hissəsi işləmir.
Qeyd edək ki, müqavilənin müddəti noyabrın 19-da başa çatır.