BAKI, 11 noyabr — Sputnik. Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Verşinin Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Mirjana Spolyariç Egger ilə görüş keçirib və onun diqqətini Ukrayna hərbçiləri tərəfindən beynəlxalq humanitar hüququn pozulmasına yönəldib.
Görüş zamanı xüsusi hərbi əməliyyat kontekstində mülki əhalinin humanitar ehtiyaclarının təmin edilməsi və hərbi əsirlərin müdafiəsinin prioritet aspektləri müzakirə edilib.
Daha əvvəl Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti məlumat vermişdi ki, əsir götürülən ukraynalı hərbçi dindirilmə zamanı Rusiyaya dəstək ifadə edən yaşlı Mariupol sakininin qətlindən, eləcə də digər mülki şəxslərə işgəncə verilməsindən danışıb.
Noyabrın 3-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi 107 rus hərbçisinin, o cümlədən "Donetsk" və "Luqansk Xalq Respublikaları"nın bölmələrinin döyüşçülərinin növbəti mübadilə çərçivəsində Kiyev rejiminin nəzarətində olan ərazidən əsirlikdən qayıtdığını bildirib. Azadlığa çıxan məhbuslar mütəmadi olaraq Ukrayna hərbçiləri tərəfindən məruz qaldıqları zorakılıqlardan danışıblar.
Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərində keçirilən referendumun nəticələrinə görə onların rəhbərləri ilə regionların Rusiya tərkibinə daxil edilməsi haqqında saziş imzalayıb. Daha sonra, oktyabrın 5-də Putin bu bölgələrin Rusiya Federasiyasının tərkibinə daxil olmasını ratifikasiya edən federal qanunları imzalayıb.