BAKI, 11 noyabr — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev cümə günü Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin sammitində respublikanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafına 20 milyard dollar sərmayə cəlb etmək niyyətində olduğunu bildirib.
Tokayev qeyd edib ki, türk dövlətləri Qərblə Şərqi, Şimalla Cənubu birləşdirir, buna görə də indiki keçid dövründə nəqliyyat-tranzit kommunikasiyalarının potensialının artırılması və onların imkanlarından maksimum istifadə olunması çox vacibdir.
"Ona görə də biz nəqliyyat-logistika sahəsinin inkişafını prioritet hesab edirik. Son 15 ildə Qazaxıstan onun inkişafına 35 milyard dollar vəsait ayırıb. Ölkəmiz nəqliyyat marşrutlarının şaxələndirilməsində və logistikanın inkişafında maraqlıdır. 2025-ci ilə qədər bu məqsədlər üçün daha 20 milyard dollar investisiyanın cəlb edilməsi planlaşdırılır", - deyə Qazaxıstan prezidenti bildirib.
Tokayev vurğulayıb ki, türk dövlətləri arasında daxili nəqliyyat-tranzit dəhlizlərinin inkişafı da mühüm əhəmiyyət kəsb edir.
"Fürsətdən istifadə edərək, diqqətinizi bu istiqamətə yönəltmək istərdim. Tranzit və ixrac imkanlarımızı daha da genişləndirmək məqsədəuyğundur", - deyə Qazaxıstanın dövlət başçısı bildirib.
Onun fikrincə, ilk növbədə sərhəd keçid məntəqələrinin müasirləşdirilməsi, həmçinin dəmiryolu və avtomobil nəqliyyatının alternativ marşrutların inkişafı üçün zəruri tədbirlər görülməlidir.
"Bundan əlavə, yüklərin rəsmiləşdirilməsi prosedurunu optimallaşdıran, nəqliyyat sənədlərinin operativ mübadiləsini təmin edən və beynəlxalq bazara çıxmaq üçün əlavə imkanlar yaradan "rəqəmsal nəqliyyat sisteminin" formalaşdırılması son dərəcə vacibdir", - deyə Tokayev fikrini yekunlaşdırıb.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Çin, Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan, Türkiyə və Qara dəniz vasitəsilə Avropa ölkələrinə keçir. TBNM Assosiasiyasının üzvləri səkkiz ölkədən dəmiryolu administrasiyaları, limanlar, gəmiçilik və logistika şirkətləri də daxil olmaqla 20 şirkətdir.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının sammiti 10-11 noyabr tarixlərində Səmərqənddə keçirilir. İclasda Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Azərbaycan dövlət başçıları iştirak edir. Sammitdə müşahidəçi qismində Türkmənistan və Macarıstandan nümayəndələr də iştirak edirlər.
Görüşün əsas mövzusu ölkələr arasında, o cümlədən ticarət və nəqliyyat kimi sahələrdə əməkdaşlığın yeni sahələri olub.
İclasın yekununda dövlət başçıları sammitin əsas qərarlarını və Özbəkistanın təklif etdiyi təşəbbüsləri əks etdirəcək əsas yekun sənədi - Türk Dövlətləri Təşkilatının liderləri şurasının Səmərqənd Bəyannaməsini qəbul ediblər.
Səmərqənddə keçiriləcək sammitdən sonra TDT sədrliyi Türkiyədən Özbəkistana keçəcək.
Xatırladaq ki, Türk Şurası 2009-cu ildə yaradılıb. İlkin olaraq onun tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə daxil olub. Özbəkistan ittifaqa 2019-cu ildə qoşulub. 2021-ci ilin noyabrında şuranın adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb.