CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkənin müdafiə və təhlükəsizlik qabiliyyəti yüksəkdir - Ziyafət Əsgərov

Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır.
Sputnik
BAKI, 11 noyabr — Sputnik. "İki il bundan əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında Zəfər çaldı. Bu Qələbəni şərtləndirən əsas amillərdən biri də məhz ölkənin müdafiə və təhlükəsizlik qabiliyyətinin yüksək olması idi". Bunu Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi ilə bağlı komitələrin noyabrın 11-də keçirilən birgə iclasında deyib.
Dövlət büdcəsinin strateji sənəd olduğunu diqqətə çatdıran Z.Əsgərov bildirib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalır. Buna görə 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulub.
Komitə sədri büdcə layihəsinin optimal olduğunu da vurğulayıb.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də bildirib ki, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi lakonik bir sənəddir.
Komitə sədri diqqətə çatdırıb ki, qanun layihəsi nizamnaməyə tam uyğundur və sənədlə bağlı Hesablama Palatasının rəyi artıq təqdim olunub.
Əli Hüseynli müzakirələrin konseptual xarakter daşıdığını diqqətə çatdıraraq, qanun layihəsinin plenar iclasda və komitə iclaslarında müzakirə olunacağını qeyd edib.
Qeyd edək ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulmuşdur ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur.
Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.
Layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.