NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft cüzi bahalaşıb

Azərbaycan neftinin aşağı düşməsi isə davam edir. İnvestorlar ABŞ-da inflyasiyanın kəskin yavaşlaması ilə bağlı məlumatları diqqətlə izləyirlər.
Sputnik
BAKI, 11 noyabr — Sputnik. Dünyada neftin qiymətləri cüzi bahalaşıb. "Brent" neftinin qiyməti 0,22% bahalaşaraq 93,8 dollara, "WTI" nefti 0,27% artaraq 86,7 dollara satılıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti isə 0,11 dollar və ya 0,11% azalaraq 95,96 dollar təşkil edib.
İnvestorlar ABŞ-da inflyasiyanın kəskin yavaşlaması ilə bağlı məlumatları qiymətləndirməyə davam edir. Belə ki, ABŞ-da oktyabr ayı üzrə illik inflyasiya əvvəlki ay ilə müqayisədə 8,2 %-dən 7,7 %-ə enib.
Onu da bildirək ki, bundan öncə Çində koronavirusun yenidən yayılması haqqında xəbərlər dünya bazarlarında neftin qiymətinin düşməsinə səbəb olub. Hazırda Çində pandemiyaya qarşı sərt tədbirlər həyata keçirilir. Paytaxt Pekində yoluxma halları son 5 ayda ən yüksək səviyyəyə çatıb. Bundan başqa, ABŞ-da neft ehtiyatları 3,9 milyon barel artıb. ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar neftin qiymətinə təsir göstərib.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.