BAKI, 11 noyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə "Mülki müdafiə üzrə əhalinin hazırlanmasında ali təhsil müəssisələrinin rolu, mülki müdafiə fənninin tədrisinin təkmilləşdirilməsi, mülki müdafiənin maddi-tədris bazasının gücləndirilməsi, mövcud problemlərin müzakirəsi və bununla əlaqədar nazirliklər arasında qarşılıqlı fəaliyyət" mövzusunda elmi-praktiki konfrans keçirilir.
Konfransda respublikanın ali təhsil müəssisələrinin mülki müdafiə sahəsinə məsul prorektorları, "Mülki müdafiə fənni" tədris olunan kafedra müdirləri, həmin kafedraların professor-müəllim heyəti, eləcə də, nazirliyin mülki müdafiə üzrə aidiyyəti məsul vəzifəli şəxsləri iştirak edirlər.
Tədbirin keçirilməsində əsas məqsəd mülki müdafiə üzrə əhalinin hazırlanmasında ali təhsil müəssisələrinin rolu, bu sahədə qarşıda duran vəzifələrin və onların həyata keçirilməsi yollarının müəyyənləşdirilməsi, ali təhsil müəssisələrində təhsil alan tələbələrin mülki müdafiə üzrə bilik səviyyələrinin yüksəldilməsi, "Mülki müdafiə fənni"nin tədrisinin təkmilləşdirilməsi, mülki müdafiənin maddi-tədris bazasının gücləndirilməsi və mövcud problemlərin aradan qaldırılması, eləcə də nazirliklər arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi məqsədilə qarşılıqlı fikir mübadiləsinin aparılmasıdır.
FHN metronun “Əhmədli” stansiyasında yanğın-taktiki təlim keçirib
Konfransda çıxış edən FHN-nin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi Niyazi Zamanov hesab edir ki, mülki müdafiə sahəsindəki qanunvericilik bazası bu günün tələblərinə cavab vermir.
O bildirib ki, metodiki rəhbərliyi həyata keçirən qurum kimi çoxlu problemlərlə rastlaşırlar: "Hazırda çox böyük bir qanunvericilik bazasının hazırlanması istiqamətində işlər aparılır. Bunlardan biri "Mülki müdafiə haqqında" yeni qanun layihəsinin hazırlanmasıdır. Bütün aidiyyatı qurumlardan rəylər alınmaqla layihə müvafiq quruma təqdim olunub".
Xatırladaq ki, mülki müdafiə — dinc dövrdə və ya müharibə dövründə əhalinin (Azərbaycan vətəndaşlarının, Azərbaycan ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.
Mövcud "Mülki Müdafiə haqqında" qanun Azərbaycanda mülki müdafiənin hüquqi əsasını və prinsiplərini müəyyən edir, mülki müdafiə sahəsində ictimai münasibətləri nizama salır.