İDMAN

Azərbaycanda cüdonun yaranmasının 50 illiyinə həsr olunan marka dövriyyəyə buraxılıb

"Azərpoçt" MMC tərəfindən hazırlanan marka Belarusun Bobruysk şəhərinin "Bobruisk Integrated Printing House" çap evində 48 min ədəd tirajla çap olunub.
Sputnik
BAKI, 11 noyabr — Sputnik. Azərbaycan Cüdo Federasiyası (ACF) "Azərpoçt" MMC ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda cüdonun yaranmasının 50 illiyinə həsr olunan poçt markasını təqdim edib.
ACF-dən bildiriblər ki, noyabrın 6-da Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizer və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev tərəfindən poçt markasının təqdimat mərasimi keçirilib.
"Azərpoçt" MMC tərəfindən hazırlanan marka Belarusun Bobruysk şəhərinin "Bobruisk Integrated Printing House" çap evində 48 min ədəd tirajla çap olunub.
Buraxılış səkkiz markadan ibarət kiçik vərəq şəklindədir.
Azərbaycan Cüdo Federasiyası ölkədə cüdonun yaranmasının 50 illiyinə həsr olunan poçt markası
Cüdo idman növünün yaranması və inkişafı
1972-ci ildə SSRİ Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsi cüdonun SSRİ ərazisində yayılması haqqında qərar verib. Qərarın icrası kimi elə həmin il, yəni 1972-ci ildə Respublikamızda Cüdo Federasiyası yaradılıb.
Bu illər ərzində federasiyaya Arif Ələkbərov rəhbərlik edib. 1980-ci ildən Federasiya rəhbərliyində dəyişikliklər baş verib. Yeni sədr - Rəhim İsmayılov -16 il ərzində qurumun rəhbəri olub. 1996-cı ildən Fizuli Ələkbərov Azərbaycan Cüdo Federasiyasının prezidentidir.
22 noyabr 1972-ci ildə respublikamızda ilk dəfə olaraq cüdo üzrə yarışlar keçirilib. İlk klublar "Dinamo", "Burevestnik", "Lokomotiv", "Vodnik" cəmiyyətlərində və Sumqayıt, Gəncə şəhərlərində fəaliyyət göstərməyə başlayır. 1972-ci ilin dekabrında Azərbaycan cüdo məktəbinin ilk məşqçiləri olan İsmayıl Əhmədov, Sabir Hüseynov, Ağarza Əhmədov və Viktor Kuznetsov Tallində təşkil olunmuş məşqçilərin ilk ümumittifaq seminarında iştirak edirlər.
Daha sonra ümumittifaq hakimlər seminarlarında Əhməddin Rəcəbli və Viktor Kuznetsov, 1973-cü ildə isə Ukraynanın Fiadosiya şəhərində keçirilmiş məşqçilərin ikinci ümumittifaq seminarına Zair Məmmədov, Tərlan Həsənov və Rauf Şəfiyev də iştirak ediblər. İsmayıl Əhmədov, Sabir Hüseynov, Əhməddin Rəcəbli, Ağarza Əhmədov, Rauf Şəfiyev, Viktor Kuznetsov, Ənvər İskəndərov, Tərlan Həsənov, Cərulla Şinqarov, Səməd Şəhniyarov - bu mütəxəssislər Azərbaycanın ilk cüdo məşqçiləri sayılırlar. İlk idman ustası Sahib İsmayılov, ilk beynəlxalq dərəcəli idman ustası Qüdrət Pəncəliyev, ilk əməkdar idman ustası adına isə Nazim Hüseynov layiq görülüb.
Respublikanın ilk əməkdar məşqçisi Əhməddin Rəcəbli, keçmiş SSRİ-nin ilk əməkdar məşqçisi adını isə Ağayar Axundzadə alıb. Qızlar arasında ilk idman ustası Arzu Atayeva, ilk beynəlxalq dərəcəli idman ustası isə Gülşən Şirinova olub.
İlk ümumittifaq dərəcəli hakim adını Rauf Şəfiyev, ilk beynəlxalq dərəcəli hakimlər isə Zair Məmmədov və Valeh Məhərrəmov olublar. Keçmiş SSRİ birinciliklərinin ilk qalib və mükafatçıları Ələkbər İsmayılov (1975 qızıl), Sahib İsmayılov (1972 bürünc), Ənvər Əhmədov (1982 gümüş) olub. Fərhad Rəcəbli Azərbaycan cüdoçuları arasında İlk dəfə olaraq Avropa miqyaslı yarışlarda medal qazanıb. O 1978-ci ildə Macarıstanda keçirilmiş gənclər arasında Avropa birinciliyində III yerə layiq görülüb.
Bu gün də Azərbaycan cüdo məktəbinin yetərincə ehtiyat qüvvəsi var.