Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Paşinyanın Qarabağla bağlı təklifinə Azərbaycandan münasibət

Politoloq İlqar Vəlizadə deyib ki, sabah Türk Dövlətləri Təşkilatının sammitində Nikol Paşinyan İlham Əliyevin cavabını eşidəcək.
Sputnik
BAKI, 10 noyabr — Sputnik. "Ermənistan tərəfi açıq-aşkar absurd tələblərində israr edəcək və özünə dəstək axtaracaq". Bunu Sputnik Azərbaycan-a politoloq İlqar Vəlizadə deyib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Soçidə keçirilən görüşündə ölkəsi Bakıya Qarabağ ətrafında hərbsizləşdirilmiş zona yaratmağı təklif edib.
Nikol Paşinyan

"Oktyabrın 31-də Soçidə keçirilən görüşdə mən Qarabağ ətrafında beynəlxalq təminatlarla silahsızlaşdırılmış zonanın yaradılması təklifini təqdim etdim. Bunun nəticəsində Qarabağda Müdafiə Ordusuna ehtiyac olmaya bilər. Bu təklif qüvvədə qalmaqda davam edir", - Paşinyan bildirib.

Onun sözlərinə görə, Yerevan eyni təkliflə Ermənistan-Azərbaycan sərhəd zonası ilə bağlı da çıxış edib.
"Biz qoşunların sərhəddən 1991-ci ildəki vəziyyətə uyğun qaytarılmasını, üç kilometrlik hərbsizləşdirilmiş zona yaradılmasını təklif etmişik. Dünən biz təklifin yenilənmiş variantını Azərbaycana təqdim etmişik", - Ermənistanın baş naziri deyib.
Politoloq İlqar Vəlizadə deyib ki, noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçiriləcək sammitində Nikol Paşinyan İlham Əliyevin cavabını eşidəcək:

"Belə bir yanaşma ilə, təəssüf ki, regionda sülhün əldə olunması mümkün görünmür. Vəziyyət İrəvanın təhrik etdiyi hərbi gərginlik istiqamətində cərəyan etməkdə davam edir. "Hərbisizləşdirilmiş zona"nın yaradılması ilə bağlı bəyanatların absurdluğu tərəflərin sərhədin delimitasiyası və demarkasiyası planları ilə uyğun gəlmir".

Maraqlıdır, bu halda iki ölkənin sərhədində kim dayanacaq - avropalı müşahidəçilər? - deyə politoloq suala cavab axtarıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev "Zəfər Günü" münasibətilə Şuşada təşkil olunan tədbirdə Ermənistanın işğal dövründə rəsmi təbliğatının Azərbaycanın öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməyəcəyini bəyan etdiyini diqqətə çatdırıb.
İlham Əliyev Şuşada təşkil olunan tədbirdə iştirak edib
Dövlət başçısı onu da bildirib ki, beynəlxalq qurumların nümayəndələrinin, bu məsələ ilə məşğul olan ölkələrin vəzifəli şəxslərinin çıxışlarına baxmaq kifayətdir:
"Onlar neçə dəfə demişdilər ki, bu müharibənin, bu münaqişənin hərbi həlli yoxdur. Yəni, birincisi, bizi inandırmağa çalışırdılar. İkincisi, bizi məsələni hərbi yolla həll etməkdən çəkindirməyə çalışırdılar. Biz də təbii ki, çalışırdıq bu məsələ sülh yolu ilə həll olunsun, ancaq həll olunsun. Amma biz görürdük ki, sadəcə olaraq, danışıqlar taktikası məsələnin dondurulmasına aparır və əlbəttə ki, bununla heç vaxt razı ola bilməzdik".