BAKI, 9 noyabr - Sputnik. Prokurorluq məşhur meyxanaçı Rəşad Dağlının (Əmirov) törətdiyi qətl barədə məlumat yayıb.
Qaradağ rayon prokurorluğundan daxil olan məlumata görə, noyabrın 9-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
***
Rəşad Dağlı kimi tanınan məşhur meyxanaçı qonşusunu qətlə yetirib.
APA xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.
Belə ki, Lökbatan dairəsində Rəşad Əmirovla (Dağlı) qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.
R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib.
Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb.
Faktı APA-ya DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.