BAKI, 9 noyabr - Sputnik. Amerikanın Powerball lotereyası bazar ertəsi tirajından sonra alınan biletlərdən birinin cekpotu udduğunu açıqlayıb. Beləliklə, şanslı biletin naməlum sahibi tarixin ən böyük cekpotunu - 2,04 milyard dollar (təxminən 3,5 milyard manat) qazanıb. Bu barədə BBC xəbər verir.
Uduşlu lotereya biletini konkret kimin aldığı barədə hələlik məlumat verilməsə də, onun Kaliforniyadan, Los-Angeles yaxınlığından alındığı məlumdur.
Powerball biletlərinin qiyməti 2 dollardır və budəfəki qalibin ya vergilərdən əvvəl (bir qədər kiçik) 997,6 milyon dollar (təxminən 1,7 milyard manat) birdəfəlik ödəniş, ya da 29 il ərzində köçürülən annuitet (yəni illik ödəniş) kimi tam məbləği seçmək imkanı var. Demək olar ki, bütün qaliblər nəğd ödəniş variantını seçirlər.
1992-ci ildə əsası qoyulan Powerball lotereyasını ABŞ-ın 50 ştatından 44-ü və daha üç Amerika ərazisi oynayır.
İspan Milad Lotereyası (Sorteo Extraordinario de Navidad) dünyanın ən böyük ümumi mükafat fonduna malik lotereya oyunu hesab edilsə də, ən böyük lotereya uduşları ABŞ-dadır.