İDMAN

Azərbaycan gimnastları Litvada keçirilən beynəlxalq turnirdə medallar qazanıblar

Azərbaycan yığma komandasının üzvü həmçinin “Miss ekspressiya” titulu ilə mükafatlandırılıb.
Sputnik
BAKI, 7 noyabr - Sputnik. Noyabrın 5-i və 6-da Litvanın Vilnüs şəhərində bədii gimnastika üzrə “Dalia Kutkaite” beynəlxalq turniri keçirilib. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi təmsil edən Azərbaycan yığma komandasının üzvləri uğurla çıxış ediblər.
Gimnastımız Alina Məmmədova çoxnövçülük, top (26.150 xal) və gürzlərlə (26.250 xal) hərəkətlərin icrasında rəqiblərindən güclü olduğunu nümayiş etdirərək qızıl medal qazanıb.
Millimizin digər üzvü Kamilla Seyidzadə lentlə qızıl (24850 xal), halqa ilə (24.000 xal) gümüş medala sahib çıxıb.
Leyli Ağazadə isə lentlə (27.850 xal) gümüş, halqa (27.050 xal), top (27.800 xal), gürzlərlə (24.600 xal) hərəkətlərin icrasında və çoxnövçülükdə bürünc medal əldə edib.
Bədii gimnastımız Alina Məmmədova yarışda həmçinin “Miss ekspressiya” titulu ilə mükafatlandırılıb.