PAYTAXT XƏBƏRLƏRİ

Zəfər Günündə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü olacaq

DYP rəsmisi bildirib ki, qeyd olunan saatlarda marşrutlar üzrə yollarda nəqliyyatın hərəkəti dayandırılacaq.
Sputnik
BAKI, 6 noyabr - Sputnik. 8 noyabr Zəfər Günü münasibətilə səhər saat 8:00-dan 13:00-dək paytaxtın küçə və prospektlərində marşrut üzrə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətinin yürüşü nəzərdə tutulub.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, tədbirlərlə əlaqədar müəyyən marşrutlar nəzərdə tutulub.
Birinci marşrut: Heydər Əliyev sarayı, Bülbül prospekti, Nizami kino mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı istiqamətində;
İkinci marşrut: Şəhidlər Xiyabanı, Alov Qüllələri kompleksi, İçərişəhər metrosu, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gur heykəlinin qarşısı.
Üçüncü marşrut: Hüseyn Cavid parkı, Hüseyn Cavid Prospekti, Parlament Prospekti, Şəhidlər Xiyabanı.
DYP rəsmisi bildirib ki, qeyd olunan saatlarda marşrutlar üzrə yollarda nəqliyyatın hərəkəti dayandırılacaq:
"Sürücülərdən və hərəkət iştirakçılarından xahiş edirik ki, yürüşün keçirildiyi saatlarda lazımı şəraiti yaratsınlar, tədbirin yüksək səviyyədə keçirilməsi ilə bağlı polisə dəstək göstərsinlər".