BAKI, 5 noyabr — Sputnik. Bu gün "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun (AÇG) hasilata başladığı ilk platforma - "Çıraq"dan ilk neftin əldə olunmasının 25 ili tamam olur. O vaxtdan bəri "Çıraq" platforması ümumilikdə təqribən 766 mln. barel (103 mln. ton) neft hasil edib ki, bu da AÇG-nin ümumi hasilatının təxminən beşdə biri qədərdir.
AÇG layihəsinin operatoru olan Böyük Britaniyanın BP şirkəti məlumat verib.
""Çıraq" ilkin olaraq 7 illik istismar üçün planlaşdırılmışdı, lakin peşəkar işçi heyətinin əla iş icrası, yüksək ixtisas bilikləri, texnoloji bacarıqları və qətiyyəti sayəsində bu platforma hələ də AÇG layihəsinin yeni platformaları ilə yanaşı əməyin təhlükəsizliyi üzrə ən yüksək beynəlxalq standartlara uyğun, həmçinin yüksək əməliyyat səmərəliliyi və etibarlılıq göstəriciləri ilə istismardadır və hələ uzun illər boyunca da işləyəcək", - məlumatda qeyd olunur.
Məlumata görə, o vaxtdan bəri bu yataqlarda 5 əlavə hasilat platforması inşa edib və onları təhlükəsiz və etibarlı şəkildə istismar etməkdədir. Bu platformalardan indiyədək ümumilikdə 3,4 mlrd. bareldən artıq (təqribən 460 mln. ton), "Çıraq"la birlikdə isə 4,2 mlrd. barel (562 mln. ton) neft hasil edilib ki, bu da ilk növbədə Azərbaycan xalqının və AÇG tərəfdaşlarının, eləcə də regionun mənafeyinə xidmət edib. (APA)
AÇG-dən hasil olunmuş neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə ixrac olunur. Bu günədək BTC boru kəməri vasitəsilə Azərbaycandan təqribən 3,9 mlrd. barel xam neft nəql edilib və bu neft 5163 tankerə yüklənərək dünya bazarlarına göndərilib.