İDMAN

Azərbaycanın otuz doqquz şahmatçısı Avropa çempionatında iştirak edəcək

Qitə çempionatında 8,10,12,14,16 və 18 yaş kateqoriyalarında oğlanlar və qızlar arasında Avropanın ən güclüləri bəlli olacaq.
Sputnik
BAKI, 5 noyabr — Sputnik. Noyabrın 6-da Türkiyənin Antalya şəhərində müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatına start veriləcək.
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, ölkəni yarışda 39 idmançı təmsil edəcək. Qitə çempionatında 8,10,12,14,16 və 18 yaş kateqoriyalarında oğlanlar və qızlar arasında Avropanın ən güclüləri bəlli olacaq.
Qeyd edək ki, turnirə noyabrın 15-də yekun vurulacaq. Ümumilikdə yarışda 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparacaq.
Xatırladaq ki, bir müddət öncə azərbaycanlı şahmatçı Gövhər Beydullayeva ölkəmiz adına bir ilkə imza atıb.
Belə ki, şahmatçımız İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatında qızıl medal qazanıb.
O, bu qələbə ilə Azərbaycan şahmatı tarixində 20 yaşlılar arasında dünya çempionu olan ilk qadın idmançı kimi tarixə düşüb. Bundan başqa, kişilər arasında keçirilən yarışda Azərbaycan təmsilçisi Abdulla Qədimbəyli dünya çempionu olub.