İDMAN

AFFA "Qəbələ" azarkeşlərinin stadiona girişinə qadağa qoyub

Fanatların stadiona girişinə 1 oyunluq məhdudiyyət qoyulub. Misli Premyer Liqasının XIII turunda keçiriləcək "Qəbələ" – "Zirə" oyununda meydan sahiblərinin arenaya girişi qadağan edilib
Sputnik
BAKI, 3 noyabr — Sputnik. Misli Premyer Liqasının XII turunun "Sabah" – "Qəbələ" oyununda baş verənlərin səbəbkarları cəzalandırılıb.
Bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib. Qurum görüşdə yaşananları müzakirə edərək müvafiq qərarlar çıxarıb. İki klubun azarkeşləri arasında kütləvi şəkildə intizamsızlıq baş verərək iğtişaş törədildiyinə görə "Sabah" və "Qəbələ" hərəyə 4000 manat cərimələnib. 4 futbolçusu sarı vərəqə ilə cəzalanan "Sabah" 800 manat cərimə olunub.
Qonaqların fanatları tərəfindən qaçış zolağına kənar əşyalar atılması bölgə təmsilçisini daha 1600 manat xərcə salıb. Həmçinin "qırmızı-qaralar"ın azarkeşləri tərəfindən stadiona dəymiş ziyan "Qəbələ" klubu tərəfindən tam ödəniləcək. Qonaqlar 73 ədəd plastik oturacağın sıradan çıxarıb.
Azarkeşlərinin törətdikləri ictimai təhlükəli əməllər (iğtişaş törədilməsi, meydana kənar əşyaların atılması və stadiona zərər vuraraq oturacaqların sındırılması) "Qəbələ"yə daha ağır cəzalanmasına səbəb olub. Fanatların stadiona girişinə 1 oyunluq məhdudiyyət qoyulub. Misli Premyer Liqasının XIII turunda keçiriləcək "Qəbələ" – "Zirə" oyununda meydan sahiblərinin arenaya girişi qadağan edilib.
* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib.