BAKI, 2 noyabr — Sputnik. 2020-ci ilin iyun ayından bu il oktyabrın 1-dək dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarların kredit tələbatı 499,8 milyon manat olan 2630 müraciətinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 291,8 milyon manat həcmində zəmanət verilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, bu kreditlərin illik faiz dərəcəsinin 50 faizinin subsidiyalaşdırılması məqsədilə sahibkarlara 36,2 milyon manat vəsait ödənilib.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə 1992-ci ildə təsis edilmiş Sahibkarlığa Kömək Milli Fondunun hüquqi bazası əsasında yaradılıb.
Fondun başlıca fəaliyyət istiqamətlərinə daxildir:
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kredit vəsaiti hesabına maliyyələşdirmək;
Sahibkarlığın inkişafına dəstək sahəsində proqramların (o cümlədən dövlət proqramlarının) hazırlanmasında, həyata keçirilməsində və maliyyələşdirilməsində iştirak etmək;
Müasir texnologiyalara əsaslanan investisiya layihələri üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müvafiq təhlil və araşdırmalar aparmaq;
Sahibkarların yeni bazarlara çıxış imkanlarını öyrənmək və əldə olunan beynəlxalq təcrübəni sahibkarlara çatdırmaq, maarifləndirmə işləri aparmaq və onlara məsləhət xidmətləri göstərmək.
Güzəştli kreditlər sahibkarlıq subyektlərinə aşağıdakı şərtlərlə təqdim edilir:
- Kreditin məbləği - 5 min manatdan 10 milyon manatadək
- Kreditin müddəti - 10 ilədək
- İllik faiz dərəcəsi - 5%-dək
- Kredit üzrə güzəşt müddəti - Kredit müddətinin yarısınadək
Güzəştli kreditlər Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatı, kredit ittifaqı) vasitəsilə verilir.