BAKI, 1 noyabr - Sputnik. Ukrayna Qara dənizdəki humanitar dəhlizin hərbi məqsədlər üçün istifadə olunmayacağına zəmanət verməlidir. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin çərşənbə axşamı Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar ilə görüşündə deyib.
“Görüş zamanı beynəlxalq platformalarda Rusiya-Türkiyə əməkdaşlığının əsas istiqamətləri, ilk növbədə, Kiyevin Sevastopola qarşı bu yaxınlarda törətdiyi terror aktı kontekstində Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracı üzrə Qara Dəniz Təşəbbüsü təhlil edilib”, - deyə nazirliyin saytında yerləşdirilmiş məlumatda bildirilir.
“Rusiya tərəfi Ukraynanın Qara dənizdəki humanitar dəhlizdən hərbi məqsədlər üçün istifadə etməmək üçün zəmanət verməsinin vacibliyini vurğulayıb”, - deyə məlumatda bildirilir.
Şənbə günü səhər tezdən Kiyev Qara dəniz donanmasının gəmilərinə və Sevastopol bazasının xarici və daxili yollarında olan mülki gəmilərə terror hücumu həyata keçirib.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, terror aktının hazırlanması və Ukraynanın 73-cü Xüsusi Dəniz Əməliyyatları Mərkəzinin hərbi heyətinin təlimi britaniyalı mütəxəssislərin rəhbərliyi altında həyata keçirilib.