BAKI, 30 oktyabr - Sputnik. Türkiyə bütün səviyyələrdə taxıl müqaviləsi ətrafında yaranmış vəziyyətlə bağlı Moskva ilə “telefon diplomatiyası” aparır, lakin təfərrüatlar açıqlanmır.
Bu barədə RİA Novosti-yə İstanbuldakı mənbə məlumat verib.
Rusiya Müdafiə Nazirliyinin şənbə günü yaydığı məlumata görə, Sevastopol sularında terror aktı ilə əlaqədar Ukrayna limanlarından məhsulların ixracında iştirakını dayandırıb.
Oktyabrın 29-da səhər tezdən Kiyev Qara dəniz donanmasının gəmilərinə və Sevastopol bazasının xarici və daxili yollarında olan mülki gəmilərə hücum edib. Hücuma məruz qalan gəmilər və infrastruktur Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar marşrutun idarə olunmasında istifadə edilib.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, terror aktının hazırlanması və Ukraynanın 73-cü Xüsusi Dəniz Əməliyyatları Mərkəzinin hərbi heyətinin təlimi britaniyalı mütəxəssislərin rəhbərliyi altında həyata keçirilib.
“Bütün səviyyələrdə”, - agentliyin həmsöhbəti Ankaranın taxıl sövdələşməsi ətrafında yaranmış vəziyyətlə bağlı Moskva ilə telefon danışıqları aparıb-aparmaması sualına cavab verərkən deyib.
Ankaranın “telefon diplomatiyası”nın hər hansı təfərrüatının ictimaiyyətə açıqlanmamasının səbəbini mənbə “vəziyyətin mürəkkəb olması” ilə izah edib.
"Belə çətin anlarda təfərrüatlar açıqlanmamalıdır. Proses gedir", - deyən agentliyin həmsöhbəti, Türkiyənin vəziyyətlə bağlı rəsmi mövqeyinin nə vaxt açıqlanacağı sualına cavab verməkdən imtina edib.
Aydınlıq yoxdur, amma ümid var
Agentliyin həmsöhbəti noyabrın 19-da vaxtı bitəcək “ərzaq sövdələşməsi”nin taleyi ilə bağlı sualı cavablandırarkən “hazırda heç nə məlum deyil” deyib.
Mənbə RİA Novosti-nin hazırkı şərtlərdə sövdələşmənin davam etdirilməsinə ümidin olub-olmaması ilə bağlı aydınlaşdırıcı sualına müsbət cavab verib:
“Hələ ümid var”.
Rusiya niyə sazişdən çıxıb?
İyulun 22-də BMT-nin himayəsi altında İstanbulda Ukrayna, Türkiyə və Rusiya Ukrayna taxılının Qara dəniz vasitəsilə təhlükəsiz ixracının bərpasına dair saziş imzalayıblar. Bu sənəd Ukraynanın kənd təsərrüfatı məhsullarının üç Ukrayna limanından daşınması üçün humanitar dəhlizin yaradılmasını nəzərdə tutur ki, bu da öz növbəsində qlobal ərzaq böhranının qarşısının alınmasına təsir etməlidir.
Lakin, oktyabrın 29-u Rusiya rəsmi olaraq Krımda eyni gündə baş vermiş partlayışlarla əlaqədar “taxıl sazişi”ndən çıxdığını təktərəfli qaydada bəyan edib.