BAKI, 30 oktyabr - Sputnik. Rusiya gözləyir ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyevin Soçidə keçiriləcək üçtərəfli görüşü Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına doğru irəliləməyə imkan verəcək. Bunu jurnalistlərə xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
"Hələ də çoxlu problemlər var. Düşünürəm ki, onların hamısı, o cümlədən sabah Soçidə keçiriləcək görüşdə müzakirə olunacaq. Ümid edirik ki, bu, bir sıra məsələlərin həllində, o cümlədən sülh müqaviləsinin imzalanması yolunda hansısa formada irəliləyiş əldə edəcək”, - Rusiya XİN rəhbərinin müavini bildirib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ermənistan və Azərbaycan liderlərini Rusiyada keçiriləcək üçtərəfli görüşə dəvət edib. Oktyabrın 31-də Ermənistan hökumətinin başçısı Rusiyaya işgüzar səfərə gedəcək. Soçidə Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək, bundan sonra Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli görüşü baş tutacaq.