BAKI, 30 oktyabr - Sputnik. Avropa İttifaqı Rusiyanı Ukrayna taxılının ixracı üzrə sövdələşmədə iştirakını dayandırmaq qərarına yenidən baxmağa çağırır.
Bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel özünün Twitter hesabında bildirib.
Qeyd edək ki, Rusiya oktyabrın 29-da Sevastopolda Qara dəniz donanmasının, eləcə də taxıl dəhlizinin təhlükəsizliyini təmin edən mülki gəmilərə qarşı terror aktından sonra taxıl sazişində iştirakını dayandırıb.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, taxıl sazişinin icrası qeyri-müəyyən müddətə dayandırılır. Rusiya taxıl sövdələşməsində iştirakını dayandırdıqdan sonra Türkiyənin İstanbul şəhərindəki Birgə Koordinasiya Mərkəzində - Xarici İşlər Nazirliyindəki nümayəndələrinə tapşırıqlar verib.
Ağ Evin "taxıl sazişi"nin dayandırılmasına reaksiyası
ABŞ Rusiyanın taxıl müqaviləsində iştirakının dayandırılmasına münasibət bildirib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Edrienn Uatson deyib ki, Moskvanın taxıl sazişindən imtina etməsi ərzaqdan silah kimi istifadəyə bənzəyir.
Onun sözlərinə görə, bu, ehtiyacı olan ölkələrə və dünya ərzaq qiymətlərinə birbaşa təsir göstərəcək.
ABŞ hakimiyyəti Rusiya Federasiyasını humanitar böhran və ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyəti pisləşdirməkdə ittiham edib.