BAKI, 28 oktyabr — Sputnik. Cari əməliyyat balansında xarici ticarətin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə artıb. Biz həmçinin qeyri-neft sektorunda 17% artım müşahidə edirik.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfrasında bildirib.
"Beynəlxalq Valyuta Fondu qlobal enerji daşıyıcılarının qiymətlərini bu ilin sonu və gələn ilin əvvəli üçün müvafiq olaraq 98,9 dollar və 85,52 dollar proqnozlaşdırıb. Bu isə bizə deməyə imkan verir ki, gələn il tədiyə balansı profisitli olacaq",- deyə AMB sədri qeyd edib.
O əlavə edib ki, hazırda Azərbaycanın valyuta bazarında manata tələbat yüksəkdir:
"Çox güman ki, bu ilin sonuna qədər bizim valyuta bazarına müdaxiləmiz alışyönlü olmaqla qalacaq. Amma biz monetar siyasətimizi yüksək iqtisadi aktivliyə təsir etmədən həyata keçirəcəyik".
Azərbaycan Mərkəzi Bankının baş direktoru Əli Əhmədov isə bildirib ki, bu ilin əvvəlindən valyuta bazarından 967 milyon ABŞ dolları alınıb. Bu rəqəmin ilin sonuna qədər nə qədər olacağını proqnozlaşdırmaq çətindir, amma hələ ki, bazarda vəziyyət sabitdir.
Qeyd edək ki, bu gün Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8%-ə, faiz dəhlizinin aşağı həddi isə 1 faiz artırılaraq 5%-ə qaldırılmış, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb.
AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı dekabrın 16-da ictimaiyyətə açıqlanacaq.
Ötən ay Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 4%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılmışdı.