BAKI, 27 oktyabr — Sputnik. Oktyabrın 31-dən etibarən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start veriləcək.
Elm və Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, namizədlərin şəxsi səhifələrinə müsahibə mərhələsinin keçiriləcəyi tarix, məkan və tələb olunan sənədlər barədə məlumat göndərilib.
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi onlayn formatda "Microsoft Teams" platforması vasitəsilə Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək.
Qeyd edək ki, hər günün sonunda müsahibə nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Xatırladaq ki, noyabrın 1-dən etibarən isə ümumi təhsil müəssisələrində vakant tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, eləcə də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul prosesi ilə bağlı Regional təhsil idarələri tərəfindən sənəd qəbuluna başlanılır.
Məlumat üçün bildirək ki, tədris işləri üzrə direktor müavini, ən azı 3 il fasiləsiz pedaqoji fəaliyyətlə məşğul olan, qabaqcıl sinif rəhbəri və ya metodbirləşmə rəhbəri və ya məktəbdə təşkil olunmuş digər kollegial orqanlarının rəhbəri olmuş müəllimlər arasından seçilir.