AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda "Qırmızı Kitab"a düşən ağaclar kəsilib

Araşdırma zamanı təbiətə 102200 manat məbləğində ziyan dəydiyi məlum olub.
Sputnik
BAKI, 27 oktyabr — Sputnik. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Astara rayonu, Səlivə kəndi ərazisində Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına düşən Azat ağaclarının kəsildiyi və zədələndiyi müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların vətəndaş Hidayət Məlikzadə tərəfindən qanunsuz kəsildiyi və zədələndiyi, təbiətə 102200 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Xatırladaq ki, Bakıda "Qırmızı kitab"a düşən Eldar şamı ağacları quruyur. Bayılda, Mərdəkanda, Binəqədidə, Nərimanov və Nizami rayonu ərazisindəki park və yaşıllıqlarda çoxlu sayda Eldar şamları məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Məsələ ilə bağlı Ekologiya və Təbbi Sərvətlər Nazirliyindən bildirilib ki, mütəxəssislər şam ağaclarının xəstəlikdən quruduğu qənaətinə gəliblər və qurumuş ağacların kökündən çıxarılaraq məhv edilməsi ilə bağlı qərar verilib.