DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Özbəkistanda hərbi anbarda partlayış nəticəsində 3,7 mindən çox bina zədələnib

Görülmüş tədbirlər nəticəsində qəzalı binalarda iki min kvadratmetr pəncərə qoyulub, bərpa işləri davam etdirilir.
Sputnik
BAKI, 23 oktyabr - Sputnik. Oktyabrın 22-də Özbəkistan Müdafiə Nazirliyinin Sırdərya vilayətindəki anbarında partlayış nəticəsində 3,7 mindən çox yaşayış və qeyri-yaşayış binasına ziyan dəyib. Azərtac xəbər verir ki, bu barədə vilayət administrasiyasının mətbuat xidmətindən bildiriblər.
"Hərbi hissənin yaxınlığında yerləşən yaşayış məntəqələri tamamilə bloklanıb və əhatəyə alınıb. Hesablamalara görə, 3742 yaşayış və qeyri-yaşayış sahəsinin dam örtüyü, tavanı, pəncərə və qapılarının qismən zədələndiyi müəyyən edilib", - deyə məlumatda bildirilir.
Hazırda qəzalı binalarda iki min kvadratmetr pəncərə qoyulub və bərpa işləri davam edir. Partlayışın vurduğu ziyanı qiymətləndirmək üçün xüsusi işçi qrupu yaradılıb.
Özbəkistan Səhiyyə Nazirliyinin son məlumatına görə, hadisə nəticəsində 16 nəfər xəsarət alıb.
Dünən Özbəkistan Müdafiə Nazirliyi məlumat vermişdi ki, oktyabrın 22-də saat 04.55-də (Moskva vaxtı ilə 2.55) Sırdərya rayonunun Malik kəndindəki hərbi anbarda partlayış baş verib. Daha sonra hərbi idarədən bildirilib ki, anbarda vəziyyət stabildir, yanğınlar söndürülüb.
“Hərbi hissədə sursat ehtiyatları dövlət standartlarına uyğun təhlükəsizlik tələblərinə cavab verən müasir xüsusi anbarlarda saxlanılır. Onların təhlükəsizliyinə tam təminat verilir”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.