İDMAN

Suqovuşanda "Mingəçevir Reqatası"nın rəsmi açılış mərasimi keçirilib

"Mingəçevir Reqatası"ında Azərbaycanla yanaşı Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Türkiyə, Özbəkistan və Ukrayna komandaları iştirak edirlər
Sputnik
BAKI, 21 oktyabr — Sputnik. Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nın rəsmi açılış mərasimi keçirilib. Suqovuşanda təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev, Azərbaycan Voleybol Federasiyasının prezidenti Fərid Xəlilov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü Raqif Abbasov, digər federasiyaların rəsmiləri, Vətən müharibəsi qaziləri və qonaqlar iştirak ediblər. Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra iştirakçılar tamaşaçılara təqdim olunub.
Fərhad Əliyev çıxışında ölkə rəhbərliyinin idmana qayğısı nəticəsində bütün idman növlərinin inkişaf etdiyini bildirib. Suqovuşanda ikinci yarışın təşkil olunduğunu xatırladan federasiya rəsmisi bütün iştirakçılara uğurlar arzulayıb.
Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı işğaldan azad olunmuş torpaqdan hər kəsi salamlayaraq, iki dövlət, bir millət olaraq, burada iştirakdan qürur duyduğunu vurğulayıb.
Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç yarışa dəvət olunduqları üçün Azərbaycana təşəkkürünü bildirib. O, Qarabağdakı quruculuq işlərini görməkdən məmnunluğunu ifadə edib.
Sonda çıxış edən Fərid Qayıbov Gənclər və İdman Nazirliyi adından hər kəsi salamlayıb. Nazir qeyd edib ki, Suqovuşanda ikinci beynəlxalq yarışın keçirilməsi idmanın inkişafı və Qarabağdakı sürətli quruculuq işlərinin nəticəsidir. Reqatanın yüksək səviyyədə təşkil olunduğunu qeyd edən nazir daha sonra yarışı açıq elan edib.
Qeyd edək ki, "Mingəçevir Reqatası"ında Azərbaycanla yanaşı Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Türkiyə, Özbəkistan və Ukrayna komandaları iştirak edir.
Komandalar bu gün Suqovuşan su anbarında kayak və kanoe növlərində qalibi müəyyənləşdirəcəklər. Yarış 22-23 oktyabrda isə "Kür" Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.
Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə yarışacaqlar.
Qaliblər diplom, medal və kubokla mükafatlandırılacaqlar.