BAKI, 21 oktyabr — Sputnik. Şəki rayonunda toyda kütləvi zəhərlənmə hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, hadisə rayonun Şin kəndində baş verib. Keçirilən toyda qidadan zəhərlənmə şübhəsi ilə 7 nəfər Şəki Şəhər Mərkəzi Xəstəxanasına müraciət edib.
Həmin şəxslərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Mənsimov Trend-ə faktı təsdiqləyib. M.Mənsimov bildirib ki, hadisə ilə bağlı şadlıq sarayına baxış keçirilib, istifadə olunan qidalardan nümunələr götürülərək ekspertizaya göndərilib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ötən gün də Şəkidə keçirilən toy məclisində qidadan zəhərlənmə baş verib. Hadisə rayonun Baş Göynük kənd ərazisində keçirilən toy məclisində qeydə alınıb.
Rayonun Baş Göynük kənd sakinləri - 1961-ci il təvəllüdlü Səyarə İbrahim qızı Aslanova, 1953-cü il təvəllüdlü Rəcəb Şərif oğlu Əhmədov, 1972-ci il təvəllüdlü Bahar Musa qızı Cəfərova, 1962-ci il təvəllüdlü Sürayə Həsən qızı Cəfərova, 1975-ci il təvəllüdlü Vüsalə Sabir qızı Aslanova, 1958-ci il təvəlllüdlü Hidayət Həsən oğlu Aydəmirov və 1958-ci il təvəllüdlü Əsgər Qara oğlu Əsgərov qida zəhərlənməsi əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib, onlardan müvafiq nümunələr götürülüb. Həkim müdaxiləsindən sonra vəziyyətləri stabilləşən Baş Göynük kənd sakinləri ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.