"İranın daxilində baş verən qarşıdurmalar, bəzi bölgələrdəki silahlı toqquşmalar mövcud İran rejimini narahat edir. İran hakimiyyəti mövcud təhdidlərin Cənubdan, Şimaldan və Qərbdən gəldiyini düşünür. Cənub hissədən Səudiyyə Ərəbistanı, Qərb tərəfdən PKK-nı, Şimaldan isə Azərbaycanı təhdid hesab edir. İran bütün bunların qarşısını almaq üçün təhdidedici hərəkətlərə yol verir. Hərbi təlimlər, müxtəlif səviyyəli rəsmilər tərəfindən edilən çıxışlar isə Səudiyyə Ərəbistanına, ABŞ-a, İsrailə və Azərbaycana ünvanlanıb".
"İran tərəfi artıq bir neçə dəfədir ki, sərhədlərin dəyişməməsi ilə bağlı kəskin mövqeyini ifadə edir. Hər şeydən əvvəl bu ölkənin otuz ilə yaxın Azərbaycan torpaqlarının işğalı zamanı səsi çıxmırdı. Sual olunur ki, niyə İran o vaxt bəyan etmirdi ki, Azərbaycanın təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir? İran bunu heç vaxt elan etmədi. İşğalçı Ermənistana sanksiyalar tətbiq etmək əvəzinə isti münasibətlər saxlamaqla İran Azərbaycana xoş olmayan münasibətini göstərdi".