İQTİSADİYYAT

Qarabağda "yaşıl enerji" layihələrində Misir şirkətləri iştirak edəcək

Energetika naziri bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində enerji infrastrukturu üzrə aparılan bərpa-yenidənqurma, həmçinin enerji təchizatının "yaşıl enerji" hesabına təmini layihələrində Misir şirkətlərinin iştirak imkanlarına baxılıb.
Sputnik
BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində enerji infrastrukturu üzrə aparılan bərpa-yenidənqurma, həmçinin enerji təchizatının "yaşıl enerji" hesabına təmini layihələrində Misir şirkətlərinin iştirakı imkanları nəzərdən keçirilib.
Energetika Nazirliyinin verdiyi məlumata görə, bunu energetika naziri Pərviz Şahbazov Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidi ilə görüşündə bildirib.
Onun sözlərinə görə, Misirin müvafiq sahədə fəaliyyət göstərən özəl sektor nümayəndələri Azərbaycana dəvət edilib.
Söhbət zamanı Azərbaycanla Misir arasında energetika sahəsində mövcud əlaqələr barəsində fikir mübadiləsi aparılıb. Müvafiq sahədə ölkəmizdə aparılan islahatlar, reallaşdırılan layihələr haqqında məlumat verilib, neft-kimya, mayeləşdirilmiş təbii qaz, bərpa olunan enerji kimi sahələrdə dövlət və özəl qurumlar arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanlar olduğu vurğulanıb.