BAKI, 21 oktyabr — Sputnik. "Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu" mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransının iştirakçılarının işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri başlayıb.
Heyətə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının nümayəndələri, o cümlədən Türkiyə, Pakistan, Mərakeş, İran, İndoneziyadan olan qonaqlar daxildir.
Nümayəndə heyəti ermənilər tərəfindən dağıdılan Ağdam şəhərinin qalıqlarına baxış keçirib. Qonaqlar İmarət kompleksində olub, Xurşidbanu Natəvanın qəbirüstü abidəsini ziyarət ediblər.
Qeyd edək ki, 18 oktyabrda Azərbaycan Ombudsmanının vitse-prezidenti olduğu Asiya Ombudsmanlar Assosiasiyasının və İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının iclası keçirilib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının 20 illiyi münasibətilə isə 19-20 oktyabrda "Biznes və insan hüquqları sahəsində ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransı keçirilib.