BAKI, 20 oktyabr — Sputnik. "Bakı Metropoliteni" QSC-nin Rusiyanın "Transmaşholdinq" SC-nin tərkibinə daxil olan "Metrovaqonmaş" müəssisəsindən aldığı 2 yeni qatar Azərbaycan paytaxtına çatıb.
Bakı Metropoliteninin ekspert qrupu Rusiyanın "Metrovaqonmaş" ASC-dən alınan hər biri 10 vaqondan ibarət iki qatarı qəbul edib. Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, yeni qatarlar sazlandıqdan və sınaqdan keçirildikdən sonra xəttə buraxılacaq.
Yeni qatarların əsas üstünlük və fərqlərindən danışan metropoliten rəsmisi bildirib ki, 4-cü nəsil qatarlar mikroiqlim nəzarət sistemi ilə təchiz olunub:
"Bu qatarların kondisioner sistemi Bakı iqlimi nəzərə alınaraq istehsal olunub".
Qatarların əsas fərqli cəhətlərindən biri isə qapılarının daha enli olmasıdır: "Belə olan halda düşüb-minmək daha asan olur".
B.Məmmədovun sözlərinə görə, daha iki yeni qatar oktyabrda Bakıya gətiriləcək. Bununla da Bakı Metropolitenində yeni nəsil qatarların sayı 23-ə çatdırılacaq:
"Yeni qatarların istismar müddəti 30, köhnə qatarların istismar müddəti isə 31 ildir. Köhnə nəsil qatarların istismar müddəti başa çatdıqca onlar mərhələli şəkildə yeniləri ilə əvəz olunacaqlar".
Qeyd edək ki, Bakı Metropoliteninin ümumilikdə 305 vaqonu var ki, onlardan 95-i yeni növdür. Bu isə o deməkdir ki, ümumilikdə 61 qatardan 19-u yeni nəsildir.