BAKI, 19 oktyabr — Sputnik. ABŞ Prezidenti Co Bayden ölkəsindəki problemlərə diqqət yetirməli olduğu halda Ukraynanın taleyindən narahatdır. Bunu "Fox News"un aparıcısı Taker Karlson bildirib.
"Məni iqtisadiyyatımız narahat etmir, mən Ukraynanın taleyindən narahatam. İqtisadiyyatımız kifayət qədər güclüdür", - deyə teleaparıcı Baydeni parodiya edib. - "Doğrudan? Siz, ümumiyyətlə, bazarı görmüsünüz? Fond bazarındakı vəziyyət yalnız maqnatları narahat etmir, pensiya hesabınız da ondan asılıdır. Fond bazarı sürətlə tənəzzülə uğrayır".
Onun sözlərinə görə, ölkədə inflyasiya rekord həddə çatıb. Bayden isə buna görə məsuliyyəti respublikaçıların üzərinə qoyur. Bundan əvvəl prezident "Twitter" hesabında yazıb: "Əgər Konqresdəki respublikaçılar öz istədiklərinə nail olsalar, qiymətlər artacaq, inflyasiya isə daha da pisləşəcək".
"Doğrudan? Elə isə buyurun, gəlin, bunun necə işlədiyi barədə bizə danışın. Bu, həqiqətən, inanılmazdır. Bu, o deməkdir ki, düz qarşınızda bir peçenye yeyirlər, sonra gözünüzün içinə dik baxaraq deyirlər: "Xeyr, peçenyeni sən yedin. Xəstə məntiqdir", - deyə Karlson qeyd edib.
Son zamanlar ABŞ-da inflyasiya qırx illik rekordları yeniləyir, ÜDM isə iki rüb ardıcıl olaraq azalır - texniki baxımdan bu, tənəzzül olduğunu göstərir. Bayden və onun administrasiyası faktı etiraf etməkdən imtina edərək iqtisadiyyatın düzgün yolda olduğunu desələr də, bir çox siyasətçilər ABŞ-ın maliyyə sektorunun çökmək təhlükəsi ilə üzləşdiyini söyləyirlər.