BAKI, 19 oktyabr - Sputnik. Oktyabrın 22-də Zəngilan rayonunun Ağalı kəndində “Zəfər yürüşü” triatlon turniri keçiriləcək.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Triatlon Federasiyasının birgə təşkil etdiyi turnirdə triatlon (300 m üzmə, 10 km velosiped sürmə və 2 km qaçış), duatlon (10 km velosiped sürmə, 2 km qaçış) və uşaq qaçışı (1 km) yarışları keçiriləcək. Yarışların üzgüçülük mərhələsi Həkəri çayında salınmış süni göldə, qaçış və velosiped mərhələləri isə Ağalı kəndi ərazisində keçiriləcək.
Triatlon və duatlon yarışlarında peşəkar idmançılar, uşaq qaçışında isə Ağalı kənd məktəbinin şagirdləri iştirak edəcəklər. Tədbirdə məktəblilər üçün müxtəlif idman növlər üzrə master klaslar da təşkil olunacaq.
Qeyd edək ki, “Zəfər yürüşü” torpaqların işğaldan azad edilməsindən sonra vətəndaşların məskunlaşdığı ilk yaşayış məntəqəsində ilk idman yarışı, ümumiyyətlə isə, azad edilmiş ərazilərdə (Şuşa və Suqovuşandan sonra) 4-cü turnirdir.