İDMAN

İyirmi yaşa qədər şahmatçılarımız mübarizəni davam etdirirlər

Gövhər Beydullayeva ötən turların nəticəsinə görə 5,5 xalla vahid liderdir
Sputnik
BAKI, 18 oktyabr — Sputnik. İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı davam edir. Oktyabrın 18-də şahmatçılarımız yeddinci turda mübarizə aparacaqlar. Təmsilçilərimizdən Gövhər Beydullayeva ötən turların nəticəsinə görə 5,5 xalla vahid liderdir. Digər şahmatçılarımız Abdulla Qədimbəyli 4,5 xalla beşinci pillədə qərarlaşıb, Ləman Hacıyeva 4 xalla 18-ci, Məhəmməd Muradlı 3 xalla 67-cidir.
Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.
Qeyd edək ki, İtaliyanın Sardiniya adasındakı gənclər arası dünya çempionatında iştirak edən Azərbaycan şahmatçısı Gövhər Beydullayevaya ötən gün texniki qələbə verilib.
Buna 19 yaşlı qrossmeysterin VI turda qarşılaşdığı hindistanlı Nutakki Priyankanın cibində qulaqcıq aşkarlanması səbəb olub. Hadisə görüşdən sonra keçirilən ənənəvi yoxlanış zamanı baş verib. Priyanka oyun vaxtı qulaqcıqdan istifadə etməsə də, qaydalara uyğun olaraq, texniki məğlubiyyət alıb və mundialdan kənarlaşdırılıb.
Məhz bu qələbədən sonra Gövhər Beydullayeva 5,5 xalla vahid lider olub. O, ən yaxın izləyicisini 0,5 xal qabaqlayır.