DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan XİN rəhbəri: Mövlud Çavuşoğlu ilə görüşməyə hazıram

Ermənistanın xarici işlər naziri bildirib ki, belə görüşlər zamanı tərəflər diplomatik münasibətlərin qurulması üçün səmimi və ciddi addımlar atmalıdırlar.
Sputnik
BAKI, 18 oktyabr — Sputnik. “Türkiyəli həmkarım Mövlud Çavuşoğlu ilə görüşməyə hazıram və belə görüşlərdən diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması istiqamətində real addımlar gözləyirik”.
Bunu Norveç Xarici İşlər Nazirliyinin rəhbəri Anniken Huitfeldt ilə birgə mətbuat konfransında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
"Biz Türkiyə ilə dialoqun uğurla başa çatmasında maraqlıyıq. Faydalı olacaq istənilən görüşü keçirə bilərik. Mən heç vaxt belə görüşlərin əleyhinə olmamışam. Başqa bir şey odur ki, belə görüşlər zamanı tərəflər diplomatik münasibətlərin qurulması üçün səmimi və ciddi addımlar atmalıdırlar", - XİN rəhbəri jurnalistin türkiyəli həmkarı ilə görüşə hazır olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib.
Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur. 2009-cu ildə Sürixdə iki dövlətin xarici işlər nazirləri diplomatik münasibətlərin qurulması və münasibətlərin prinsipləri haqqında protokollar imzalasalar da, bu sənədlər sözügedən ölkələr tərəfindən ratifikasiya olunmayıb. 2018-ci il martın 1-də Ermənistan protokolların ləğvini elan edib. 2021-ci ildə Ermənistan və Türkiyə münasibətlərin tənzimlənməsi üçün xüsusi nümayəndələr təyin ediblər.