Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Ermənistan sərhədə müşahidəçilər göndərilməsi üçün ATƏT-ə müraciət edib

Ölkənin xarici işlər naziri bildirib ki, Ermənistan ərazisindən Ermənistan-Azərbaycan sərhədinə ATƏT müşahidəçilərinin göndərilməsi mövzusu müzakirə olunur.
Sputnik
BAKI, 18 oktyabr — Sputnik. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrdən Azərbaycanla sərhəddəki vəziyyətə siyasi qiymət verilməsini gözləyir. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yerevanda Norveçin xarici işlər naziri Anniken Huitfeldtlə birgə mətbuat konfransında bildirib.
Xarici işlər nazirinin sözlərinə görə, Ermənistan hakimiyyəti ATƏT-ə müraciət edib ki, vəziyyətə nəzarət etmək üçün bu təşkilatdan Azərbaycanla sərhədə müşahidəçilər göndərilsin.
"Ermənistan ərazisindən Ermənistan-Azərbaycan sərhədinə ATƏT müşahidəçilərinin göndərilməsi mövzusu müzakirə olunur. Biz bu məsələyə yaxın vaxtlarda aydınlıq gətirəcəyik", - o, jurnalistin müvafiq sualını cavablandırarkən deyib.
Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri bazar ertəsi Lüksemburqda Ermənistan və Azərbaycan sərhədindəki problemlərin həlli üçün mülki missiya barədə razılığa gəliblər. Onlar regiondakı vəziyyəti izləmək, təhlil etmək və hesabat hazırlamaq üçün 40-a qədər Aİ ekspertini Azərbaycanla sərhədin Ermənistan tərəfinə göndərmək qərarına gəliblər.
Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev, Fransa lideri Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel oktyabrın 7-də Praqada danışıqlardan sonra Aİ-nin Ermənistan-Azərbaycan sərhədinə missiya göndərəcəyini bəyan ediblər.