BAKI, 18 oktyabr — Sputnik. Ermənistan Milli Təhlükəsizlik Xidməti dövlət əhəmiyyətli mühüm məlumatları xarici kəşfiyyat xidmətinə ötürən müqaviləli hərbçini aşkar edib.
Araşdırmaya görə, həmin şəxs 2021-ci ilin noyabrında "Odnoklassniki" sosial şəbəkəsində xarici kəşfiyyat xidmətinin əməkdaşı ilə tanış olub və altı ay ərzində "Whatsapp" sosial şəbəkəsi vasitəsilə hərbi hissəsinin yeri, döyüş mövqeləri, habelə hərbi hissənin balansında olan nəqliyyat vasitələri barədə məlumatlar ötürüb. Bunun müqabilində hərbi qulluqçu 370 dollar alıb.
O, dövlətə xəyanətdə ittiham olunaraq, həbs olunub. Məlumat verilib ki, fakt üzrə ibtidai istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, son bir ildə Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən dövlətə xəyanət və casusluqla bağlı 8 fakt aşkar edilib, 8 cinayət işi üzrə 26 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib.