BAKI, 18 oktyabr — Sputnik. İki gün öncə Baş nazir Əli Əsədovun sədrliyi ilə Bakı şəhərində nəqliyyatın vəziyyətinə dair işçi müşavirə keçirilib. Nazirlər Kabinetindən verilən məlumata görə, müşavirədə cari ilin 3 oktyabr tarixində keçirilmiş geniş müşavirə zamanı ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi ilə bağlı verilmiş tapşırıqların icra vəziyyəti müzakirə olunub.
Müzakirə zamanı ötən müşavirədə verilmiş tapşırığa əsasən hazırlanmış, Bakı şəhərində avtomobil nəqliyyatı sahəsində mövcud olan və qısa müddət ərzində həlli mümkün sayılan problemlərə dair Tədbirlər Planının ilkin layihəsi təhlil edilib. Tədbirlər Planına yolların buraxılış imkanlarının artırılması, ictimai nəqliyyatın daşıma potensialının genişləndirilməsi, yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi və başqa məsələlər daxildir. Müşavirədə habelə ictimai nəqliyyat sahəsində struktur islahatlarının davam etdirilməsi, inzibati, infrastruktur və təşkilatı tədbirlərlə bağlı məsələlər müzakirə olunub və konkret zaman ərzində yerinə yetirilməli olan tapşırıqlar verilib.
Bəs görəsən yeni Tədbirlər Planının qəbulu Bakıda nəqliyyat la bağlı yaranmış problemlərin həllinə necə təsir edəcək?
Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a bildirildi ki, Bakı şəhərində avtomobil nəqliyyatı sahəsində mövcud olan və qısa müddət ərzində həlli mümkün sayılan problemlərə dair Tədbirlər Planının ilkin layihəsi hazırlanıb. Tədbirlər Palnına yolların buraxılış imkanlarının artırılması, ictimai nəqliyyatın daşıma potensialının genişləndirilməsi, yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi və başqa məsələlər daxildir.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetində paytaxtın nəqliyyat məsələsinə həsr olunmuş iki müşavirənin keçirilməsi problemin ciddiliyindən xəbər verir. Onun sözlərinə görə, birinci müşavirədə müəyyən qurumlar qarşısında konkret tapşırıqlar qoyulub ki, tıxac və ictimai nəqliyyatda sıxlıqla bağlı təkliflər verilsin. Son müşavirədə isə bu təklikflər müzakirə edilib:
"Bu təkliflər paytaxtda yolların genişləndirilməsi, yol kənarında sıxlığa səbəb olan avtomobillərin məcburi evakuasiyası, ictimai nəqliyyatda xəttə çıxan avtobusların sayının artırılması, metroda qatarların sayının artırılması ilə bağlıdır. Həmçinin hərəkətin tənzimlənməsi üçün avtomobil axının düzgün təşkili, yol patrul xidmətinin işinin gücləndirilməsi tapşırığı verilib. Tapşrıqlar sırasında avtobus zolağına çıxan sürücülərlə bağlı sərt tədbirlərin görülməsi də var".