BAKI, 17 oktyabr - Sputnik. Sardiniyada keçirilən dünya çempionatında Azərbaycan dörd şahmatçı ilə təmsil olunur ki, onlardan da ikisi ilk beşlikdə yer alır. Bu günlərdə İtaliyanın Sardiniya şəhərində keçirilən gənclər arasında dünya çempionatında Azərbaycan şahmatçısı Gövhər Beydullayeva (2356) yeganə lider olub.
Altı turdan sonra Beydullayeva 5,5 xal toplayıb və təkbaşına turnir cədvəlinə başçılıq edərək Meruert Kamalidenovanı (2376), Assel Serikbayevanı (2181) (hər ikisi Qazaxıstan), Nurgül Səlimovanı (Bolqarıstan, 2415) yarım xalla qabaqlayıb.
Azərbaycanlı şahmatçı dünya çempionatında Honorata Kuçersk (Polşa, 2179), Liviya Yaroçka (Polşa, 2089), Danis-Andrea Buçur (Rumıniya, 1946), Yekaterina Qoltseva (FİDE, 2300) və Nutakki Priyanka (Hindistan, 2326) üzərində qələbə qazanıb.
Yeganə heç-heçə Yelizaveta Xrebenşçikova (Ukrayna, 2268) ilə oyunda qeydə alınıb. Ləman Hacıyeva (2138) da dünya çempionatında yaxşı çıxış edir və 4 xalla 18-ci yerdədir.
Dünya çempionatının kişilərin turnir cədvəlində liderləri təqib edənlər qrupunda 4,5 xalla 5-10-cu yerləri bölüşən Abdulla Qədimbəyli (2499) əlavə göstəricilərə görə beşinci pillədə qərarlaşıb. Azərbaycanın digər təmsilçisi Məhəmməd Muradlı isə üç xalla 67-ci yerdədir.