BAKI, 15 oktyabr - Sputnik. Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza ilə əlaqədar Bakı-Qazax avtomagistralında hərəkətin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür.
DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Baş Dövlət Yol İdarəsinin və rayon polis idarəsinin əməkdaşları tərəfindən əlavə qüvvələr cəlb edilməklə avtomagistralda hərəkət tənzimlənir.
Xatırladaq ki, bu gün Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.
Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, nazirliyin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə, zərurət yarandığı təqdirdə təxliyə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.
“Azərsu” ASC-dən isə Sputnik Azərbaycan-a məlumat verilib ki, Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi," Azərsu" ASC birlikdə tədbirlər görür.