RUSİYA

Putin: Dünyada, xüsusən də ən yoxsul ölkələrdə real aclıq təhlükəsi yaranıb

Rusiya lideri bildirib ki, enerji, xammal və digər mühüm malların dünya qiymətlərindəki dəyişkənliyin artması xüsusən də ən kasıb ölkələrdə real aclıq və sosial təlatüm təhlükəsinə səbəb olub.
Sputnik
BAKI, 13 oktyabr — Sputnik. Enerji, xammal və digər mühüm malların dünya qiymətlərindəki dəyişkənliyin artması xüsusən də ən kasıb ölkələrdə real aclıq və sosial təlatüm təhlükəsinə səbəb olub. Bunu Rusiya Prezidenti Vladimir Putin Astanada "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin" (AQFETM) altıncı sammitində çıxış edərkən bildirib.
"Bizim müşavirəyə, digər regional birliklərə bir çox kəskin problemlərin həlli ilə məşğul olmaq lazım gəlir. Enerji daşıyıcılarının, ərzaq məhsullarının, gübrələrin, xammalın və digər əhəmiyyətli malların dünya qiymətlərinin dəyişkənliyinin artmasını nəzərdə tuturam. Bu, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan dövlətlərdə həyat keyfiyyətinin pisləşməsinə gətirib çıxarır. Bundan başqa, xüsusilə də yoxsul ölkələrdə aclıq və miqyaslı sosial təlatümlərə real təhlükə yaranır", - deyə Rusiya lideri bildirib.
Putin Astanaya oktyabrın 13-nə keçən gecə gəlib. Oktyabrın 14-də Rusiya Federasiyasının prezidenti MDB Dövlət Başçıları Şurasının iclasında və "Rusiya-Mərkəzi Asiya" Sammitində də iştirak edəcək. Dövlət başçısının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da daxil olmaqla bir sıra ikitərəfli və üçtərəfli görüşləri də nəzərdə tutulub.