QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Minlərlə qanlı cinayətə şahidlik edən Şuşa həbsxanası

Tarixçinin sözlərinə görə, işğal zamanı erməni cinayətkarları əsir götürdükləri azərbaycanlıları Şuşa türməsində saxlayıblar. Orada yüzlərlə azərbaycanlıya divan tutublar
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. Məşhur Şuşa türməsi... O divarlar arasında çox sirr yatır. Nələri, kimləri görməyib o divarlar? Divarların dili olsaydı, bizə nələr danışardı, nələr söyləyərdi?!
Minlərlə azərbaycanlının amansız qətlinə şahidlik edən Şuşa həbsxanası Çar Rusiyası dövründə - XIX əsrin ortalarında Xan qızı Natəvanın vəsaiti hesabına inşa edilib. Bəzi məlumatlara görə, buna qədər şuşalı məhkumlar Gəncə şəhərində yerləşən həbsxanada saxlanılırmış. Qohumları, yaxınları onlara baş çəkmək üçün uzun yol qət edərək, Gəncəyə getməli olurmuşlar. Bunu nəzərə alan Xan qızı şuşalıları, eləcə də ətraf ərazilərdə yaşayan insanları bu əziyyətdən qurtarmaq üçün Şuşada həbsxananın inşası üçün vəsait ayırır. Həbsxana Şuşa qalasının şərq tərəfində yerləşir, qalanın aşağı divarları həbsxanaya söykənir. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovla hər addımında erməni cinayəti olan həbsxana haqqında məlumatları Sputnik Azərbaycan-a danışıb. Tarixçinin sözlərinə görə, Şuşa türməsi SSRİ dövründə qapalı tipli cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərib: "Həbsxana inşa edilərkən qala divarlarının bir hissəsi və müdafiə qüllələri həbsxana divarları kimi istifadə edilib. Bu zaman Şuşa qalasının Ağoğlan qapısı həbsxanaya giriş kimi dəyişdirilərək yenidən formalaşdırılıb".
Tarix İnstitutunun əməkdaşının qeydinə görə, Şuşa həbsxanası Rusiya İmperiyası və SSRİ hakimiyyəti dövründə ən dəhşətli türmələrdən hesab olunub. Onun sözlərinə görə, ən təhlükəli, ən qatı cinayətkar hesab olunan şəxslər əsasən cəza çəkmək üçün bura göndərilib: "Ümumilikdə, həbsxana 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulub. Rusiya İmperiyasının və SSRİ-nin ən müxtəlif guşələrindən cinayətkarlar cəzasını bu türmədə çəkib. 1992-ci il mayın 8-də şəhər işğal edildikdən sonra da buradan həbsxana kimi istifadə olunub".
Faiq müəllimin sözlərinə görə, işğal zamanı erməni cinayətkarları əsir götürdükləri azərbaycanlıları məhz burada saxlayıblar. Ermənilər Xocalıdan, Xocavənddən, Şuşadan, Laçından, Kəlbəcərdən, Ağdamdan, Füzulidən, Cəbrayıldan, Zəngilandan, Qubadlıdan olan mülki azərbaycanlılara burada dəhşətli işgəncələr verib, onlarla qeyri-insani rəftar ediblər. Mülki şəxslərlə yanaşı, müharibədə əsir götürülən azərbaycanlı hərbçilər də bu həbsxanada erməni vəhşiliyi ilə üzləşiblər.
Müsahibimiz əlavə edir ki, SSRİ-də ən dəhşətli türmələrdən hesab olunan və iki əsrə yaxın yaşı olan Şuşa türməsi ermənilərin 28 ildə azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, onlara verdiyi işgəncələrin canlı şahididir. O hesab edir ki, Şuşa türməsi həm də tarixi abidə, memarlıq nümunəsidir. Buna görə də bura memarlıq baxımından öyrənilməli, qorunmalıdır: "Düşünürəm ki, bu bina heç vaxt sökülməyəcək. Bu bir tarixdir. Əksinə, daha dərindən araşdırılmalıdır. Bu türmə haqqında sənədli, bədii filmlər çəkilməlidir. Burada baş verənləri dünya ictimaiətinə çatdırmaq lazımdır".
Sosial media hesablarında insanların böyük bir qismi barəsində danışdığımız türmənin muzeyə çevrilməsini təklif edir. Tarixçi bu məsləyə aydınlıq gətirdi: "Şuşada kifayət qədər ev muzeyləri, tarix muzeyləri var. Buranın muzeyə çevrilməsinə ehtiyac duymuram. Dövlətin də hələ ki buranın muzeyə çevrilməsi ilə bağlı heç bir qərarı yoxdur".
MƏDƏNİYYƏT
"Şuşa İli" çərçivəsində daha bir tədbir baş tutub