AZƏRBAYCAN XƏBƏRLƏRİ

Ermənistan mülki şəxsləri hədəf alaraq Azərbaycanda panika yaratmaq istəyib - MN

Rəşad Əhmədov söyləyib ki, Azərbaycan tərəfi Ermənistanın cinayətlərin cavabını döyüş meydanında verib.
Sputnik
BAKI, 11 oktyabr — Sputnik. "Ermənistan Azərbaycanı döyüş meydanından çəkindirməyə çalışırdı". Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) 44 günlük müharibədə Ermənistan hərbi qüvvələri tərəfindən Gəncəyə endirilən zərbələrin ikinci ildönümü ilə bağlı Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Beynəlxalq Təşkilatlarla və Qərb ölkələri ilə əməkdaşlıq şöbəsinin rəis müavini, polkovnik-leytenant Rəşad Əhmədov deyib.
O bildirib ki, Ermənistan tərəfi mülki şəxsləri hədəf alaraq Azərbaycanda qorxu və panika yaratmaq və Azərbaycan hərbi qüvvələrini döyüş meydanından çəkindirməyə çalışırdı.
"Müharibədə taktiki üstünlüyü itirən, uduzan Ermənistan tərəfi itkilərin sayının qəbul etməmək məqsədilə hərbi cinayətlərə qol çəkdi, terror aktları törətdi. Azərbaycan tərəfi bu cinayətlərin cavabını döyüş meydanında verdi", - Müdafiə Nazirliyinin rəsmisi deyib.
Qeyd edək ki, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb. Vətən Müharibəsi dövründə Gəncəyə Ermənistan tərəfindən ilk hücum 4 oktyabrda baş verib və bu zaman 1 mülki şəxs Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 30-dan çox mülki şəxs isə yaralanıb.
Ümumilikdə isə düşmən ordusu Gəncə şəhərinə 2020-ci ilin oktyabr ayı ərzində 5 dəfə raket zərbələri endirib. Nəticədə Gəncənin 27 dinc sakini həlak olub, 125 sakini isə müxtəlif dərəcəli xəsarətlər aldı. Yaşayış binaları, ticarət obyektləri, məktəblər dağıdılıb.