BAKI, 11 oktyabr - Sputnik. "Azərbaycan, Fransa, Ermənistan və Avropa İttifaqı Şurasının rəhbərləri arasında oktyabrın 6-da Praqada keçirilən görüş Azərbaycanın növbəti diplomatik uğuru olmaqla bərabər, Cənubi Qafqazda yeni bir dövrün başlanmasına xidmət edən məqamlarla yadda qaldı. Təəssüf ki, bəzi qüvvələr prosesi ləngitməyə, regionda gərginliyi artırmağa xidmət edən təşəbbüslərlə çıxış etməkdədir". Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.
Deputat bildirib ki, Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın bir neçə gün öncə Milli Assambleyanın ermənipərəst üzvünün Azərbaycana qarşı əsassız ittihamlarla dolu sualını cavablandırarkən söylədiyi fikirlər də bu qəbildəndir:
S.Məmmədov xatırladıb ki, Fransa indiyə qədər Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı cinayətlərlə bağlı heç vaxt konkret münasibət ortaya qoymayıb:
“Ermənistanın basdırdığı minaların partlaması nəticəsində 250-dən çox Azərbaycan vətəndaşının həlak olması və ya yaralanması, 4000-ə yaxın azərbaycanlının itkin düşməsi, yüzlərlə həmvətənimizin qətlə yetirilərək kütləvi məzarlıqlarda dəfn olunması faktları ilə bağlı mövqe bildirməyib. Əlbəttə ki, Fransada Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini düzgün qiymətləndirən, regionda baş verən proseslər haqqında obyektiv təsəvvürü olan, Cənubi Qafqazda sülhün və sabitliyin tərəfdarı kimi çıxış edən siyasətçilər də var. Onlar yaxşı bilirlər ki, bölgəmizdə əməkdaşlıq, sabitlik və rifah dövrünün başlanması üçün unikal fürsət yaranıb. Biz regionun tarixində yeni bir səhifə açmışıq. Ona görə də Azərbaycan-Fransa parlamentlərarası işçi qrupu adından fransalı parlamentarilərə, siyasətçilərə müraciət edərək, belə bir tarixi mərhələdə Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə xidmət edən təşəbbüslərdən çəkinməyə çağırırıq”.