Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan-Fransa parlamentlərarası işçi qrupu fransalı siyasətçilərə çağırış edib

© Photo : AZERTAGAzərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi
Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi - Sputnik Azərbaycan, 1920, 11.10.2022
Abunə olmaq
Deputat Fransanın indiyədək Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı cinayətlərlə bağlı heç vaxt konkret münasibət ortaya qoymadığını xatırladıb.
BAKI, 11 oktyabr - Sputnik. "Azərbaycan, Fransa, Ermənistan və Avropa İttifaqı Şurasının rəhbərləri arasında oktyabrın 6-da Praqada keçirilən görüş Azərbaycanın növbəti diplomatik uğuru olmaqla bərabər, Cənubi Qafqazda yeni bir dövrün başlanmasına xidmət edən məqamlarla yadda qaldı. Təəssüf ki, bəzi qüvvələr prosesi ləngitməyə, regionda gərginliyi artırmağa xidmət edən təşəbbüslərlə çıxış etməkdədir". Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.
Deputat bildirib ki, Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın bir neçə gün öncə Milli Assambleyanın ermənipərəst üzvünün Azərbaycana qarşı əsassız ittihamlarla dolu sualını cavablandırarkən söylədiyi fikirlər də bu qəbildəndir:

“Cavabın ümumi məzmunu tamamilə qərəzli mülahizələrə əsaslanır. Bu, xüsusilə Fransanın bölgədə sülhün təmin olunması prosesində fəal iştirak etməyə çalışdığı indiki dövrün ruhuna uyğun deyil. Çünki biz son dövrdə Fransa Prezidentinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə töhfə vermək təşəbbüslərinin şahidiyik. Təəssüf ki, Fransada bizim regionumuzla bağlı hadisələrə münasibətdə birtərəfli mövqe tutan hökumət və parlament üzvləri var. Bu il sentyabrın 13-14-də Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi hərbi təxribatın birtərəfli şəkildə təqdim edilməsi də onların şəxsi mülahizələrini parlamentə və dövlətlərarası münasibətlərə daşımaq cəhdlərinin göstəricisidir. Halbuki, Azərbaycan sadəcə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq öz suverenliyini və ərazi bütövlüyünü müdafiə edib”.

S.Məmmədov xatırladıb ki, Fransa indiyə qədər Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı cinayətlərlə bağlı heç vaxt konkret münasibət ortaya qoymayıb:
“Ermənistanın basdırdığı minaların partlaması nəticəsində 250-dən çox Azərbaycan vətəndaşının həlak olması və ya yaralanması, 4000-ə yaxın azərbaycanlının itkin düşməsi, yüzlərlə həmvətənimizin qətlə yetirilərək kütləvi məzarlıqlarda dəfn olunması faktları ilə bağlı mövqe bildirməyib. Əlbəttə ki, Fransada Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini düzgün qiymətləndirən, regionda baş verən proseslər haqqında obyektiv təsəvvürü olan, Cənubi Qafqazda sülhün və sabitliyin tərəfdarı kimi çıxış edən siyasətçilər də var. Onlar yaxşı bilirlər ki, bölgəmizdə əməkdaşlıq, sabitlik və rifah dövrünün başlanması üçün unikal fürsət yaranıb. Biz regionun tarixində yeni bir səhifə açmışıq. Ona görə də Azərbaycan-Fransa parlamentlərarası işçi qrupu adından fransalı parlamentarilərə, siyasətçilərə müraciət edərək, belə bir tarixi mərhələdə Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə xidmət edən təşəbbüslərdən çəkinməyə çağırırıq”.
Xəbər lenti
0