BAKI, 10 oktyabr — Sputnik. Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko birgə regional qoşun qrupunun yaradılması barədə razılığa gəliblər.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko hərbi və güc strukturları ilə keçirdiyi müşavirədə bildirib. Onun sözlərinə görə, Belarus qoşunları Belarus-Rusiya regional qoşun qruplaşmasının əsasını təşkil edəcək.
Lukaşenko xatırladıb ki, Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitindən sonra Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüş keçirib. "İttifaq dövlətinin qərb sərhədlərində vəziyyətin gərginləşməsi ilə əlaqədar biz Rusiya Federasiyası və Belarus Respublikasının regional qruplaşmasının yerləşdirilməsi barədə razılığa gəldik. Bütün bunlar bizim sənədlərimizə uyğundur".
"Bu qruplaşmanın formalaşmasına başlanılıb. Məncə, iki gündür ki, davam edir. Belarus qoşunları Belarus-Rusiya regional qoşun qruplaşmasınınn əsasını təşkil edəcək", - deyə Lukaşenko vurğulayıb.
Oktyabrın 7-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib. Azərtac xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün oktyabrın 7-də Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.
MDB ölkələri liderlərinin bundan əvvəlki qeyri-rəsmi görüşü 2021-ci ildə dekabrın 28-də Sankt-Peterburqda keçirilib.