BAKI, 10 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il oktyabrın 11-12-də Qırğız Respublikasında dövlət səfərində olacaq. Bu barədə Qırğız Respublikasının Prezidentinin rəsmi saytında məlumat verilib.
Səfər çərçivəsində Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyev ilə ikitərəfli danışıqlar aparacaq.
Ölkələrin liderləri ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin səmərəli əməkdaşlığın gələcək inkişafı və qurulması perspektivlərini müzakirə edəcəklər.
Səfər çərçivəsində Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi də planlaşdırılır.
Bundan əlavə, qarşıdan gələn dövlət səfəri çərçivəsində Qırğızıstan-Azərbaycan Dostluq Parkının, eləcə də Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəblərinin açılışı olacaq.
Xatırladaq ki, bu ilin aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana səfər edib. Həmin səfər çərçivəsində "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum" imzalanıb.
Qeyd edək ki, sənəd aprelin 20-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi zamanı imzalanıb. İki ölkə arasında imzalanan sənədlərin ümumi sayı 10-dur.