BAKI, 9 oktyabr - Sputnik. Türkiyə hökuməti uçot dərəcəsini endirməyə davam edəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk lirəsinin taleyi barədə danışarkən deyib.
“Qardaşlarınız hakimiyyətdə olduğu müddətdə faiz hər gün, hər həftə və hər ay azalmağa davam edəcək. Bizim kiminsə məsləhət və tövsiyələrinə ehtiyacımız yoxdur”, - deyə Ərdoğan bildirib.
Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin son iclası 22 sentyabrda keçirilib. İclasda uçot dərəcəsi 1 faiz bəndi azaldılaraq 13%-dən 12%-ə endirilib.
Qeyd edək ki, ötən həftə Türkiyədə inflyasiya son 24 ilin ən yüksək səviyyəsinə - 83%-ə çatıb. Nəqliyyat, ərzaq və mənzil bazarında qiymətlərdə ən yüksək artım müşahidə edilir.
Müstəqil ekspertlər qrupu – Inflation Research Group-un təxminlərinə, əsasən isə illik göstərici daha çox, əsasən 186.27%-dir.
Maraqlısı budur ki, bir sıra Avropa ölkələrinin və ABŞ, Kanadanın Mərkəzi Bankları yüksək inflyasiya dərəcəsi ilə mübarizə aparmaq üçün faiz dərəcələrini yüksəltmişdilər, ancaq Türkiyədə isə bunun əksi müşahidə edilib.
Nəqliyyat sektorunda ən kəskin illik artım olub və 117.66%-ə çatıb, daha sonra isə bunu ərzaq və alkoqol olmayan içki bazarı – 93% tutub.
2021-ci ildə Türkiyə Mərkəzi Bankı faiz dərəcələrini 19%-dən 14%-ə qədər azaltmışdı və bu da lirənin dəyərini itirməsinə gətirib çıxarmışdı. Bu o demək idi ki, xaricdən idxal edilən məhsullar ölkəyə daha baha başa gəlir.
Üstəgəl, türk lirəsinin qiyməti dollar qarşısında yeni rekorda çatıb və 18.56 olub.
Qiymətlərin yüksəlməsi təkcə Türkiyədə deyil, bütün dünya ölkələrində müşahidə edilir. Bu COVID-19 epidemiyası ilə bağlı olaraq təchizat çatışmazlığı və Ukrayna müharibəsi ilə əlaqələndirilir. Nəticədə dünya bazarında enerji və ərzağın qiymətləri bahalaşır.