BAKI, 9 oktyabr - Sputnik. Yunanıstanda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan yerli azarkeşləri təhqir edən "Olimpiakos"un futbolçusu Pape Abu Sisse cəzalanıb.
Report-un xəbərinə görə, bu barədə "dakaractu.com" saytı məlumat yayıb.
Bildirilir ki, seneqallı müdafiəçi baş məşqçi Miçel Qonsalesin qərarı ilə əsas komandadan kənarlaşdırılıb.
27 yaşlı oyunçu etdiyi hərəkətə görə şəxsi Instagram səhifəsində üzrxahlıq mesajı paylaşsa da, bu, ispaniyalı mütəxəssisin qərarını dəyişməyib.
Xatırladaq ki, oktyabrın 7-də Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu 0:3 hesabl ilə başa çatıb. Beləliklə, "Qarabağ" rəqibini darmadağın edib.
"Qarabağ" və "Olimpiakos" arasında növbəti oyun oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.